Piyadanı vuran avtomobil hadisə yerindən uzaqlaşdı
Paytaxtın Yasamal rayonu ərazisində piyadanın iştirakı ilə yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Mehdi Hüseyn küçəsində, Nərimanov heykəlinin qarşısında qeydə alınıb. Şahidlərin sözlərinə görə, “Prado” markalı avtomobil əvvəlcə yolu keçmək istəyən piyadanı vuraraq ona xəsarət yetirib. Daha sonra isə, yolun kənarında hərəkətsiz dayanan “Mercedes” markalı avtomobilə çırpılıb. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Xəsarət alan piyada 20 yaşlı Hüseynov İsmayıl Sabir oğlu, təcili yardım vasitəsi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.