Belarusda dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanının xatirəsi yad edilib
Gəncə Qarnizonunda Azərbaycanın Milli Qəhrəmanı Davidoviç Anatoli Nikolayeviç haqqında çəkilmiş filmin və onun haqqında yazılmış mahnıya klipin təqdimatı keçirilib. APA- TV-nin məlumatına görə, Anatoli Davıdoviç 1965-ci ildə Belarusun Slutski şəhərində anadan olub. 18 yaşlı Anatoliy Belarusda hərbi xidmətə çağırılarkən atasının yolunu seçərək hərbçi olmaq qərarına gəlib. Sonralar Anatoli zabit kimi Azərbaycanda xidmət edib. Azərbaycanda Xocalı faciəsi baş verdikdə Anatoli öz ölkəsində ikinci dünya müharibəsi zamanı törədilən Xatın faciəsini yada salaraq ölkəmizdə hərbi xidmətini davam etdirmək qərarına gəlib. Ağdamda gedən döyüşlərdə həlak olub. 3 iyul 1992-ci ildə Belarus Respublikasının müstəqilliyi günü ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Valideynlərinin istəyi nəzərə alınaraq o doğma vətənində - Belarusun Slutski şəhərində dəfn olunub. Azərbaycanın müdafiə naziri Zakir Həsənovun əmrinə əsasən nazirliyin nümayəndələri Belarusa səfər edib, Anatolinin anası, həyat yoldaşı və oğlu ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanının məzarını ziyarət ediblər.