İsmayıllı sakini 81 yaşlı qadını öldürərək meyiti döşəmənin altında gizlətdi - AÇIQLAMA

Baş Prokurorluq İsmayıllı rayonunda 81 yaşlı qadının qətlə yetirilməsi faktı ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 2-də saat 07 radələrində İsmayıllı şəhər sakini, 1933-cü il təvəllüdlü Talıbova Rəbiyyə Qasım qızının üzərində zorakılıq əlamətləri olan meyitinin İsmayıllı şəhəri, Q.Aslanov küçəsində tapılması barədə rayon Prokurorluğuna məlumat daxil olub. Hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində İsmayıllı rayon sakini Cəbiyev Elbrus Samir oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaqla müəyyən olunub ki, iyulun 1-də, saat 17 radələrində Elbrus Cəbiyev əvvəllər kirayədə qaldığı evin həyətində sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zəminində keçmiş qonşusu Rəbiyyə Talıbovaya küt alətlə xəsarətlər yetirib, sonra onun meyitini evin döşəməsinin altında gizlədib, saat 04.00 radələrində isə meyiti evdən çıxarıb yolun kənarına atıb. Elbrus Cəbiyevə ittiham elan olunub və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
 

Müəllif | Apa.Tv
Apa.tv