Əbülfəs Qarayev: "Heç bir rejissora, heç bir aktyora qadağa qoyulmayıb"

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev xalq artisti Rasim Balayev və rejissor Rövşən Almuradlının nazirliklə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib. Nazir qeyd edib ki, Mədəniyyət və Turizm Nazirliyi heç kimin fəaliyyətinə embarqo qoymayıb.

 

Nazirlikdə bu məsələlərlə bağlı heç kimə qadağa ola bilməz. Teatrlar fəaliyyətini, tamaşalarını özləri müəyyənləşdirir. Teatrların müəyyənləşdirdiyi proqramların ən yaxşıları dövlət tərəfindən maliyyələşdirilir. Yerdə qalan layihələr teatrların daxili imkanları hesabına səhnələşdirilir. Hansı rejissora hansı tamaşanın verilməsi Bədii Şuranın işidir. Mən teatra  deyə bilmərəm ki, sən filan rejissora tamaşa ver, başqa rejissora vermə. Siz elə bilirsiniz ki, nazirliyə yalnız bu iki adamın müraciəti daxil olub? Yüzlərlə insan təklif irəli sürür, müraciət edir. Biz heç bir aktyorun və rejissorun fəaliyyətinə embarqo qoymamışıq. Müraciətlərdə kimsə müsbət, kimsə mənfi cavab alır. Burda hansısa təzyiqdən və ədalətsizlikdən söhbət gedə bilməz”.

 

Nazir əlavə edib ki, Rövşən Almuradlı onun qəbulunda olub. “Biz Rövşən Almuradlı ilə görüşdük, fikir mübadiləsi apardıq. Sözsüz ki, bu fikir mübadiləsinin nəticəsi olacaq". Xatırladaq ki, kinorejissor  Rövşən Almuradlı ona teatrda tamaşa verilməməsində, Rasim Balayev isə dövlət hesabına çəkilən filimlərdə ona baş rolların verilməsinə embarqo qoyulması ilə bağlı nazirliyi ittiham edirlər.  

 

Müəllif | Apa.Tv