Qubada ağır qəza: sürücü və qardaşı xəsarət aldı, ana və ailənin gəlini öldü
Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 51-ci kilometrliyində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Abdullayev Emin Ceyhun oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili Quba istiqamətində hərəkətdə olarkən aşırıb. Qəza nəticəsində sürücünün anası, 1972-ci il təvəllüdlü Abdullayeva Sevinc Məmmədqulu qızı və qardaşının həyat yoldaşı, 1993-cü il təvəllüdlü Abdullayeva Nişanə Zakir qızı dünyasını dəyişib. Hadisə zamanı sürücü və onun qardaşı, 1991-cü il təvəllüdlü Hümbət Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.