Saysız-hesabsız ev oğurluğu edən dəstə zərərsizləşdirildi
Göygöldə mənzillərdən oğurluq etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb. Göygöl rayon Polis Şöbəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində və Gəncədə silsilə oğurluqlar törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Saxlanılan şəxslər - Gəncə sakinləri Elçin Əliyev və Hilal Abdullayev Göygöl rayon Qızılca kənd sakini Rima İsmayılovanın və Üçtəpə kənd sakini Azər Məmmədovun mənzilinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda nağd pul və qızıl-zinət əşyalarını oğurlayıblar. Saxlanılan hər 2 şəxs dindirilmə zamanı törətdikləri əməli etiraf etməklə yanaşı, müxtəlif vaxtlarda Gəncə şəhərində 4 fərqli ünvandan qızıl və pul oğurladıqlarını da etiraf ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2.3-cü bəndi üzrə cinayət işi açılıb, istintaq gedir.