İŞİD İraqda qənimət götürdüyü silahlarla Suriyada parad keçirdi
İŞİD İraqda ələ keçirdiyi qənimət silahları və texnikanı Suriyada işğal etdiyi ərazilərdə nümayiş etdirib. Terrorçular Rəqqa şəhərində "hərbi parad" təşkil edib. Silahların arasında uzaq mənzilli bir "Skat" raketinin də olduğu bildirilir. Suriyada fəaliyyət göstərən İŞİD fəallarından əbu-Bəra adlı bir təşkilat üzvü bu silahlarla işğal etdikləri əraziləri daha da genişləndirəcəklərini iddia edib. İŞİD-in İraq ordusundan ələ keçirdiyi silahları sürətlə Suriya ərazisinə daşıdığı qeyd olunur. Buna görə də terrorçu təşkilat Suriya-İraq sərhədindəki bütün məntəqələri ələ keçirməkdə israrlıdır. APA TV-nin Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bir müddətdir silahlı qarşıdurmaların davam etdiyi və ciddi lider boşluğu yaşanan İraqda Mosul, Tiqrit, Bakuba və Telafer kimi şəhərlərin İŞİD-in nəzarətinə keçməsi nəticəsində öz yurd-yuvasından köç etmək məcburiyyətində qalan insanların sayının milyonu keçdiyi vurğulanır. Bu arada İraq və Suriya ərazilərində İŞİD-ə qarşı hər iki ölkənin hava qüvvələrinin zərbələr endirdikləri də qeyd olunur.