Yay mövsümündə Bakıda 22 nəfəri ilan vurub

Paytaxt və ətraf ərazilərdə ilancancma faktları artıb. Yay mövsümündə Bakı və ətraf qəsəbələrdə 22 nəfəri ilan vurub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA TV-yə verilən məlumata görə, ilan sancan 20 nəfər xəstəxanaya yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib. Stansiyanın baş həkiminin müavini Oqtay Şahmalıyevin sözlərinə görə, ilansancma ilə bağlı təcili yardıma müraciət edən adamların hər birinin sağ qalmasına səbəb bütün briqadalara ilan zəhərinə qarşı zərdabların paylanmasıdır.

Bu müddət ərzində həşərat sancmalarının sayında da artım qeydə alınıb. Yay mövsümündə 35 nəfəri həşərat sancıb, onlardan 19 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həşərat sancan şəxslərdən 20 nəfəri kişi, 15 nəfəri qadındır.

Çimərlik mövsümü başladıqdan sonra dənizdə boğulanların sayı 15-ə çatıb. Onlardan 11 nəfər dünyasını dəyişib, 4 nəfər isə xəstəxanaya yerləşdirilib.
 

Müəllif | Apa.Tv
Apa.tv