"Evrovision" iştirakçıları Şəkidə
Şəkidə beş gün davam edən “İpək Yolu” V Beynəlxalq musiqi festivalı başa çatıb. Bu möhtəşəm musiqi bayramının iştirakçıları, şəhərin qonaqları, ölkəmizdə akkreditə oldunmuş diplomatik korpusun nümayəndələri, musiqisevərlər Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivlərinin bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını izləyib. Festival çərçivəsində Türkdilli Ölkələrin Mədəniyyət Təşkilatına ölkələrin rəssamlarının sərgisi açılıb. Eyni zamanda “Avroviziya” mahnı müsabiqəsi qalibləri və iştirakçıları ilk dəfə Şəkidə bir araya gələrək qala-konsert təqdim ediblər.
Tarixi-memarlıq abidəsi “Aşağı Karvansaray” kompleksində festivalın təntənəli bağlanış mərasimi olub. Mərasimdə Sankt-Peterburq “Ermitaj” dövlət simfonik orkestri Azərbaycan solistlərinin iştirakı ilə maraqlı konsert proqramı təqdim edib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə bildirdi ki, "Artıq fesyivalımızın son akkordlarıdır. Demək olar ki, bu festival bizim 5-ci və bizim birinci yubleyimiz böyük müvəffəqiyyətlə keçdi. Burada elə janr yoxdur ki, təmsil olunmasın. Mən deyərdim ki, bu musiqi festival art festivalıdır. Ona görə ki, burada teatr, musiqi, rəqs və xor musiqisi də var".
Qeyd edək ki, “Ermitaj” dövlət simfonik orkestri Azərbaycanda ilk dəfə olaraq Şəkidə keçirilən “İpək Yolu” V beynəlxalq musiqi festivalı çərçivəsində drijor Arkadiy Şteynluxtin rəhbərliyi ilə çıxış edib. Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, əməkdar artist Gülnaz İsmayılova və Fərid Əliyevin ifa etdikləri Avropa və rus bəstəkarlarının əsərləri, həmçinin Tofiq Quliyevin “Bakı haqqında mahnı” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Əsgərin ariyası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.