Səfir Hidayət Orucov: “Strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirməkdir”

"Prezident İlham Əliyevlə diplomatların görüşü mühüm ictimai-siyasi əhəmiyyət kəsb edir. Çünki bu görüş növbəti bir ildə görəcəyimiz işlərin əsasını müəyyən edir. Bu gün Azərbaycan ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu beynəlxalq təşkilatlarla səmərəli münasibətlərini davam etdirir. Əminəm ki, əməkdaşlığımızı inkişaf etdirmək üçün müşavirənin keçirilməsi yeni imkanlar açacaq". Bu fikirləri APA TV-yə Azərbaycanın Qırğızıstanda fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov deyib

"Qarşımıza qoyulan əsas istiqamətlərdən biri də beynəlxalq müstəvidə iki və çoxtərəfli münasibətlərin genişləndirilməsi oldu. Eyni zamanda diplomatlara beynəlxalq təşkilatlarla işin daha da canlandırılması tövsiyə olundu. Qazanılmış uğurları və nailiyyətlərin davam etdirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azərbaycanın münaqişənin həllində qəti mövqeyi, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına qətiyyətlə yol verilməməsi istiqamətində mühüm işlərin aparılması əsas məqsəd olaraq yenidən qarşımıza qoyuldu".

Hidayət Orucov qeyd edib ki, gündəlikdə olan strateji məqsəd Azərbaycanın müstəqilliyini bundan sonra da gücləndirmək, ölkəmizi dünyanın ən inkişaf etmiş və rəqabətə davamlı ölkələr səviyyəsinə yüksəltməkdir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı