Cəlilabad polis rəisinin müavini əməliyyat zamanı yaralanıb

Cəlilabad rayon Polis Şöbəsinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən cinayətkar qrup zərərsizləşdirilib. APA TV-nin Cənub bürosunun məlumatına görə, Cəlilabad rayon sakinləri əvvəlcədən əlbir olaraq qrup halında rayon ərazisində müxtəlif vaxtlarda evlərə silahlı basqın edərək vətəndaşlardan pul tələb edib, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub, eləcə də imkanlı şəxslərin övladlarını oğurlayaraq onların valideynlərindən bunun müqabilində külli miqdarda pul istəyiblər. Həyata keçirilən əməliyyat zamanı dəstə üzvlərindən 5-i yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Qrupa rəhbərlik etmiş Xəqani Əhmədovun yaxalanması istiqamətində əməliyyat tədbirləri isə davam etdirilir.
Əməliyyat zamanı həmçinin Cəlilabad RPŞ-nin əməliyyat işi üzrə rəis müavini Səfər Nuriyev müxtəlif bədən xəsarətləri alıb. Qeyd edək ki, saxlanılanlardan Cavid Qurbanov əvvəllər Cəlilabad RPŞ-nin pasport qeydiyyatı şöbəsinin əməkdaşı vəzifəsində çalışıb.

 

Müəllif | Apa.Tv