Prezident: “Güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir”

İyulun 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev müşavirədə iştirak edib.

Xarici işlər naziri Elmar Məmmədyarov son müşavirədən keçən müddət ərzində Xarici İşlər Nazirliyi sisteminin fəaliyyəti barədə məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycanın xarici ölkələrdə 57 səfirliyi, 5 beynəlxalq təşkilat yanında daimi nümayəndəliyi, 9 baş konsulluğu, 7 təmsilçilik ofisi və 7 fəxri konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 58 dövlətin səfirliyi, 4 baş konsulluq, 10 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur. Xarici işlər naziri vurğuladı ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətin prioritet məsələsi olaraq qalmaqdadır.

Azərbaycan prezidenti çıxışında Azərbaycanın xarici siyasətinin öz prinsipiallığı və müstəqilliyi ilə seçildiyini deyib. Onun sözlərinə görə, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb.

Prezident bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlətimizin başçısı bildirib ki, bu, ölkəmizin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərib.

Beynəlxalq imicimizin çox müsbət olduğunu qeyd edən Prezident İlham Əliyev diplomatik orqanların uğurlu fəaliyyətinin bu amildə rolunu qeyd edib.

Xarici siyasətlə bağlı əsas məsələnin Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu bildirən Prezident İlham Əliyev təəssüflə qeyd edib ki, bu istiqamətdə nəticələr yoxdur. Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirib və qeyd edib ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Azərbaycan Prezidenti bu səbəbdən də ordu quruculuğumuzla bağlı aparılan ardıcıl siyasətimizin düzgün olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir.

Xarici siyasətimizlə bağlı əsas istiqamətlərdən danışarkən prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib.

Azərbaycan Prezidenti diplomatlara fəaliyyətlərində yeni uğurlar arzuladı.
 

Müəllif | Apa.Tv
Apa.tv