Təhsil Nazirliyi İctimai-Siyasi Universitetin lisenziyasını ləğv edib!

Yeni tədris ilindən başlayaraq Azərbaycanda müəllimlik ixtisasını seçən tələbələr üçün yeniliklər tətbiq ediləcək. Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov deyib ki, qəbul imtahanlarında 500-600 bal toplayan və müəllimlik ixtisasını I və II yerdə qeyd edərək bu ixtisasa qəbul olunan tələbələrə əlavə təqaüdlər veriləcək. Onun sözlərinə görə, bu tədbirlər müəllimlik ixtisasını seçən abituriyentlərin sayını artacaq: “Bu il belə tələblərin sayı 300 nəfər olacağı planlaşdırılır. İlkin olaraq 300 tələbəyə Təhsil Nazirliyi tərəfindən 100 manat təqaüd veriləcək”.

Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl ali təhsil müəssisəsinə - İctimai-Siyasi Universitetinə verilən lisenziya müddətinin uzadılmaması barədə qərar verib.
Cəsarət Valehovun sözlərinə görə, araşdırmalar nəticəsində orada tədrisin formal xarakter daşıdığı, kafedraların mövcud qaydalara uyğun təşkil olunmadığı məlum olub: “Hazırda həmin ali məktəbdə 566 tələbə təhsil alır və yaxın müddətdə onların mərkəzləşdirilmiş şəkildə digər ali məktəblərə köçürülməsi təşkil olunacaq. Bununla bağlı yaradılan işçi komissiya tələblərin müvafiq universitetlərdə yerləşdirilməsi ilə məşğul olacaqlar. Köçürülən tələbələrin təhsil xərcləri oxuduqları ali məktəbin təhsil xərcindən yüksək olmayacaq. Cari ilin məzunları isə diplomlarını Azərbaycan İctimai Siyasi Universitetindən ala biləcəklər”.

O bildirib ki, lisenziyanın geri alınması özlüyündə universiteti ləğv etmək deyil, qanunvericiliyin mövcud qaydalarındakı standartlara cavab verdiyi təqdirdə universitetə yenidən lisenziya verilməsi məsələsinə baxıla bilər.

Nazirlik rəsmisi Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan liseylərdə oxuyan 245 şagirdin artıq müvafiq məktəblərdə yerləşdirildiyini də deyib. Onun sözlərinə görə, 58 nəfər şagird artıq Bakı şəhəri üzrə ümumtəhsil məktəblərində yerləşdirilib. Bu proses davam edir.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova