İsrail müharibəyə başladı

İsrail ordusu Qəzzada hərbi əməliyyata başlayıb. APA TV-nin məlumatına görə, ehtiyatda olan 1500 əsgər orduya çağırılıb. Gecə boyu hava, quru və dənizdən hücumlar həyata keçirilib, 22 fələstinli yaralanıb. İsrail ordusunun sözçüsü Avihai Adera "Twitter"dən verdiyi açıqlamada bildirib ki, İsrail ordusu ölkənin cənubuna zərbələr endirilməsinə cavab olaraq "Həmas" hərəkatına qarşı hərbi əməliyyata başlayıb. İsrail ordusunun mətbuat katibi Peter Lernerin verdiyi açıqlamaya görə, ötən gecə Qəzzadan İsrail ərazisinə 33 raket atılıb. Raketlərin hansı bölgəyə düşməsi, ölən və yaralılar barədə əlavə məlumat verilməyib. İsrail ərazisinin raket atəşinə tutulmasına görə, məsuliyyəti HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam” öz üzərinə götürüb. Hadisə şahidlərinin sözünə görə, İsrail təyyarələri Refah şəhəri yaxınlığına gecə ərzində 20 mərmi atıb. Yaralananlar arasında 4 yaşlı uşaq da var. Hərbi təyyarələr Cibaliya bölgəsində əkin sahələri, Beyt Lahyada boş ərazilər də mərmi atəşinə tutulub. Son 24 saatda İsrailin Qəzzaya etdiyi hava hücumu nəticəsində 9 fələstinli öldürülüb, çoxlu sayda insan yaralanıb.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı