Abid Şərifov: “Qanunsuz tikililərə qarşı tədbirlər görüləcək”

“Azərbaycan hökuməti qanunsuz tikililərlə bağlı tədbirlər görəcək”. APA TV-nin məlumatına görə, bu fikirləri baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, yaxın aylar ərzində bununla bağlı müvafiq qərarın qəbul edilməsi gözlənilir: “Hazırda biz bu məsələyə baxırıq. Qanunsuz tikililər ciddi problem olaraq qarşımızda dayanır. İstər Bakıda, istərsə də respublikanın digər regionlarında qanunsuz tikililərə qarşı ciddi tədbir həyata keçirməyi düşünürük”.

Abid Şərifov qeyd edib ki, vətəndaşlar sürüşmə zonasında, yüksək gərginlikli elektrik xətlərinin alında və qaz kəmərlərinin yaxınlığında torpaq alıb, ev tikirlər. Bu isə sonradan ciddi fəsadlar yaradır: “Sonra bu problemlər meydana çıxır, təhlükəli vəziyyət yaranır. Belə hallar həm bölgələrdə, həm də Bakıda mövcuddur. Onu deyə bilərəm ki, biz bir neçə ay müddətində həm Bakıda, həm də bölgələrdə qanunsuz tikililərin inşasına qarşı daha ciddi tədbirlər görməyi düşünürük”.

Baş nazirin müavini tədbirlər planının nədən ibarət olacağını açıqlamayıb. O, əlavə edib ki, tədbirlər planı vətəndaşların təhlükəsizliyinin təmin etmək məqsədi daşıyır.

 

Müəllif | Apa.Tv