Göyçayda minik maşını yanaraq külə döndü
Göyçay rayonunda minik avtomobili yanıb. Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə hadisə Göyçayın Ləkçılpaq kəndində qeydə alınıb. Rayonun Kürdəmiş kənd sakini 1965-ci il təvəllüdlü İxtiyar Quliyevə məxsus “Moskviç” markalı minik maşınının mühərrikində baş verən yanğın qısa vaxt ərzində avtomobilin hər tərəfini əhatə edib. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və alovun yaxınlıqdakı kol-kosa, ağaclara keçməsinin qarşısı alınıb. Hadisə zamanı maşın tamamilə yanaraq külə dönsə də, xəsarət alan olmayıb. Qeyd edək ki, ötən həftə Göyçayda daha bir minik maşını yanaraq yararsız hala düşmüşdü. Faktla bağlı araşdırma aparılır.