Abid Şərifov: "Nargin adasında çoxlu mina var"

"Bir zamanlar Sovet ordusunun bilərəkdən gizlətdiyi mina və partlamamış hərbi sursatlar ilk növbədə insanların yaşadığı ərazilərdən təmizlənməlidir". Bunu baş nazirin müavini Abid Şərifov deyib. Onun sözlərinə görə, Nargin adası da daxil olmaqla Abşeron yarmadasında bir sıra adalar və yarımadalar var ki, orada Sovet dövründən qalma çoxlu mina və partlamamış hərbi sursat var.

"Bakının ətrafında vaxtilə harda Sovet ordusu yerləşibsə, orada bilərəkdən minalar, ayrı-ayrı partlamamış hərbi sursatlar gizlədilib. Ancaq biz o yerləri təmizləməliyik ki, insanlar oradan istifadə etməyə başlasınlar. Nargin adasında ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi üçün böyük vəsait tələb olunur. Həm də Nargin adasında hələ ki yaşayış yoxdur. Ona görə də adada bu işlərin aparılması hələlik nəzərdə tutulmur".

Abid Şərifov qeyd edib ki, bu günədək ölkəmizdə ANAMA vasitəsilə istər Saloğluda, istər Ceyrançöldə, istərsə də başqa ərazilərdə minlərlə hektar torpaq təmizlənərək insanların istifadəsinə verilib. Həmin ərazilərdə insanlar artıq əkin əkir, biçir, özləri üçün şərait yaradırlar. ANAMA vasitəsilə rayonda Xəzər dənizinin sahilində onlarla mina və partlamaış hərbi sursat tapılaraq zərərsizləşdirilib. Bununla yanaşı, hazırda Bakı ətrafında da bu cür irili-xırdalı çoxlu sayda layihələr həyata keçirilir.

 

Müəllif | Apa.Tv