Əli Əhmədovdan ABŞ səfirinin açıqlamasına münasibət

"Azərbaycan Prezidenti İlham Əliyev hər zaman qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi heç zaman danışıqların predmeti olmayacaq”. Bu fikirləri baş nazirin müavini, YAP-ın sədr müavini - icra katibi Əli Əhmədov ABŞ səfiri Riçard Morninqstarın Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun Azərbaycana qaytarılması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Əli Əhmədov hesab edir ki, Ermənistan tərəfindən işğal olunmuş 7 rayonunun qaytarılması bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi hesab olunmalıdır.

"Azərbaycanın mövqeyi bütövlükdə işğal olunmuş ərazilərimizin azad olunmasından ibarətdir. Bu problemin həll olunması, yəni Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi isə müxtəlif konseptual yanaşmalar nəticəsində ola bilər. Kimlərsə bunu mərhələli həll şəklində edir, kimlərsə bunu paket şəklində təqdim edir. Azərbaycan bu məsələdə öz münasibətini dəfələrlə bəyan edib. Hesab edirəm ki, yanaşmaların hansının qəbul olunmasından asılı olmayaraq, münaqişənin bütövlükdə və son nizama salınması Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından ibarət ola biləcək".

7 rayonun qaytarılması məsələsinə gəlincə, hökumət rəsmisi deyir ki, məsələyə bu, bütövlükdə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinin bir mərhələsi hesab olunmalıdır.

 

Müəllif | Apa.Tv