Səfir Şahin Abdullayev: “Azərbaycan Yaxın Şərq məsələsində sabit mövqe ortaya qoyur”

“Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir və Ermənistanı hər zaman işğalçı kimi tanıyır . Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Pakistan dəfələrlə Ermənistanın bütün istəklərinə rədd cavabı verib”. Bu sözləri Azərbaycanın diplomatik korpusunun V müşavirəsində iştirak edən səfirlərlə “Auditoriyada səfirdir” layihəsi çərçivəsində keçirilən görüşdə Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib: "Ermənistan Pakistanı razı salmaq üçün bəzi şirnikləndirici təkliflər irəli sürsə də, bunlara qarşı ölkənin mənfi cavabı qəti olub. Pakistan erməni lobbisinin heç bir istəyinə razı olmur”.

Səfir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya çatdırmasında mühüm işlər görüldüyünü vurğulayıb.

Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayev bildirib ki, hər iki ölkənin xarici siyasətində müəyyən istiqamətlər üzrə işlər aparılır: “Azərbaycan hər zaman beynəlxalq hüquq normalarından çıxış edərək Yaxın Şərq məsələsində sabit mövqe ortaya qoyur”.

Afrika İttifaqında Azərbaycanı təmsil edən Şahin Abdullayev bunu xarici siyasətin yeni istiqaməti adlandırıb.

Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov deyib ki, son illər ərzində Afrika dünyada ən sürətlə inkişaf edən qitələrdən biri hesab edilir. Onun sözlərinə görə, Azərbaycanın yeni və gənc ölkə kimi Afrika ölkələri ilə əməkdaşlıqda böyük ambisiyaları var.

Görüşdə Azərbaycanın Pakistan, CAR və Misirdəki səfirləri, Los-Ancelesdəki baş konsulu və Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev iştirak edib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı