Baş konsul Nəsimi Ağayev: “Uğurlarımız erməni lobbisi tərəfindən qısqanclıqla qarşılanır”

"Kaliforniyada təqribən 1 milyona yaxın erməni yaşayır. Bunun isə 500 mini Los Anceles vilayətinin payına düşür. Erməni icması burada siyasi, iqtisadi, mədəni və ictimai həyatın müxtəlif sahələrində çalışır. Hazırda Kaliforniyanın qanunverici, icraedici və məhkəmə orqanları başda olmaqla, müxtəlif dövlət strukturlarında və ictimai qurumlarında ermənilər işləyirlər”. Bu açıqlamanı jurnalistlərə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev verib.

"Bu gün Kaliforniya dünyada erməni lobbisinin anti-Azərbaycan fəaliyyətlərinin əsas ideoloji və maliyyə mərkəzlərindən biridir. Radikal erməni daşnak qruplar burada Azərbaycana qarşı məkrli fəaliyyətlərini davam etdirməkdədirlər. Burada Azərbaycan ilə bağlı hər bir uğur, hər bir müsbət hadisə erməni lobbisi tərəfindən böyük qısqanclıqla qarşılanır. Ən müxtəlif tədbirlərimizə erməni lobbisinin təxribatçı müdaxiləsi ilə qarşılaşırıq”.

Antiazərbaycan fəaliyyətlərinə qarşını almaq üçün görülən tədbirlərə gəlincə diplomat bildirib ki, erməni lobbisinin bu cəhdləri müqabilində qısa müddət ərzində kifayət qədər təsirli addımlar atılıb:

"Hesab edirik ki, antiazərbaycan fəaliyyətlərinə qarşı mübarizənin ən güclü vasitələrindən biri də zəngin mədəni irsimizin burada təbliğidir. Bu səpkidə son 2 il ərzində Baş Konsulluq tərəfindən Los Ancelesdə, eləcə də digər Kaliforniya şəhərlərində 12 böyük mədəniyyət tədbiri keçirilib. Bunların arasında 2013-cü ildə ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın Mal Alan" operettasının Los Ancelesdə, ABŞ-ın ən böyük və məşhur opera teatrlarından birində səhnəyə qoyulmasını xüsusilə qeyd etmək istərdim”.

Diplomat artıq Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti barədə həqiqətlər yerli siyasətçilər tərəfindən də daha yaxşı başa düşüldüyünü deyib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı