Prezident: “Azərbaycanın mövqeyinin dəstəklənməsi beynəlxalq hüquqa göstərilən hörmətdir”

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

"Hörmətli səfirlər, mən sizi ürəkdən salamlayıram. Müqəddəs Ramazan ayında bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Bizim ölkələrdə ənənələrə böyük hörmət vardır. Bir çox məsələlər, ənənələr bizim xalqlarımızı birləşdirir. Fürsətdən istifadə edərək xahiş edirəm ki, mənim səmimi salamlarımı və ən xoş arzularımı təmsil etdiyiniz ölkələrin dövlət və hökumət başçılarına çatdırasınız”.

Dövlət başçısı qeyd edib ki, ölkələr arasında siyasi əlaqələr çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində çox fəal əməkdaşlıq edilir.

"Mən şadam ki, beynəlxalq arenada biz daim bir-birimizi dəstəkləyirik, beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq edirik, xüsusilə BMT-də. BMT-də bir-birimizə göstərdiyimiz dəstək bizim mövqelərimizi gücləndirir və haqq-ədalət də bunu tələb edir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstək bizi xüsusilə sevindirir. Uzun illərdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri işğal altındadır".

Azərbaycan prezidenti vurğulayıb ki, beynəlxalq hüquq normaları Ermənistan tərəfindən kobudcasına pozulub:

"Ermənilər bizə qarşı etnik təmizləmə siyasəti aparıblar, Xocalı soyqırımı törədiblər. İşğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu münaqişə dünyada nadir münaqişələrdəndir ki, BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ona görə əlbəttə ki, Azərbaycanın mövqeyinin dəstəklənməsi həm beynəlxalq hüquqa göstərilən hörmətdir, eyni zamanda, qardaşlıq, dostluq nümunəsidir”.

Dövlət başçısı deyib ki, eyni zamanda, mədəniyyətlərarası dialoqun gücləndirilməsi üçün Azərbaycan praktiki addımlar atır.
 

Müəllif | Apa.Tv
Apa.tv