Attraksionda qəza baş verdi, xəsarət alan var - YENİLƏNİB

Zaqatalada bədbəxt hadisə baş verib. 50 ildən çoxdur quraşdırılan əyləncə qurğusu - attraksion qırılıb. APA TV-nin  məlumatına görə, hadisə şəhərin mərkəzindəki Heydər Əliyev Parkında qeydə alınıb. Ötən əsrin 70-ci illərində quraşdırılmış attraksionda qəza baş verib. Attraksionun nəzarətçisi Bereko Əsədulla baş verən hadisəni belə xatırlayır: "Ora baxanda gördüm ki, karusel yavaş-yavaş əyildi və çarxdan çıxdı. Həmin an "rubilnik”i söndürdüm. Sonra əyilən karuseli istədim saxlayım ki aşmasın, amma gücüm çatmadı".  

 

Hadisə baş verən zaman  işlək vəziyyətdəki attraksionda bir neçə nəfər olub. Onlardan biri - Əliabad kənd sakini Cumayeva  Gülçöhrə Əhməd qızı yüngül xəsarət alıb. "Həmin an dəqiq yadımda deyil, orada bir uşaq vardı. Attraksion aşanda ona tərəf aşdı. Mən də ona baxırdım. ondan sonrası yadıma gəlmir. Birdə ayılanda gördüm, oğlanlar mənim üstümə düşən dəmiri götürürlər. Qalxdım ayağa, amma başım gicəlləndi, yıxıldım. Sonra gətirdilər məni evə, oradan da xəstəxanaya".

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv