Səfir Daşqın Şikarov: "Azərbaycanla hərbi əməkdaşlıq edən ölkə nüvə silahına malikdir"

"Hərbi əməkdaşlıq Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin əsas tərkib hissələrindən biridir. Pakistan ordusu dünyada öz gücünə görə seçilir. Pakistan nüvə silahına malikdir. Pakistan bütün növ silahları ixrac edən ölkələr sırasındadır. 2013-cü ildə dövlətlər müdafiə sahəsində saziş imzalayıblar". Bu açıqlamanı APA TV-yə Azərbaycanın Pakistan və Əfqanıstandakı səfiri Daşqın Şikarov verib.

 

"Avqust ayında Pakistan ordu birləşmələri  rəhbərinin Azərbaycana səfəri gözlənilir. İki ölkə arasında hərbi sahədə əməkdaşlıqla bağlı yeni müzakirələr aparılacaq. Əminəm ki, bu görüşün də nəticələri yüksək olacaq.  Bundan əlavə Azərbaycan Pakistan hökumətlərarası komissiyanın növbəti iclası bu ilin oktyabr ayında Pakistanda keçiriləcək. Azərbaycan tərəfdən komissiyanın rəhbəri müdafiə sənayesi naziri Yavər Camalov olacaq".

 

Diplomatın sözlərinə görə, Pakistan və Azərbaycan ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üzrə səylərə diqqəti cəlb etməlidir. "İkitərəfli əlaqələri möhkəmləndirmək üçün Azərbaycan və Pakistan enerji və kənd təsərrüfatı sahələrində əməkdaşlıq edə bilərlər. 2013-cü ilin yanvar-oktyabr aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 976,34 min dollar təşkil edib". Səfir Azərbaycanın neft, qaz və ağır sənayesi, tikinti, kənd təsərrüfatı sahələrində imkanlarından Pakistanın bəhrələnə biləcəyini bildirib, eyni zamanda, Pakistanın yüngül sənaye və əczaçılıq malları, cərrahiyə ləvazimatları, kənd təsərrüfatı məhsullarının ölkəmiz üçün maraq kəsb etdiyini vurğulayıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı