Səfir Vilayət Quliyev: "Diasporumuzun ictimai fəallığı azdır"

"Azərbaycan-Macarıstan münasibətlərinə də bir neçə aspektdən yanaşmaq lazımdır. Siyasi müstəvidə ölkələrimizin hər hansı problemi yoxdur. Humanitar sahədəki qarşılıqlı münasibətlərimiz yüksək səviyyədədir. Səfirliyin mövcud olduğu on ilə yaxın müddət ərzində Budapeştdə ölkəmizin tarixi, ədəbiyyatı, incəsənəti, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 50-yə yaxın kitab çap olunub". Bunu APA TV -yə müsahibəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

 

"Son iki ildə münasibətlərimizin iqtisadi aspektləri daha sürətlə inkişaf etməyə başlayıb. Hazırda bir sıra macar firmaları Azərbaycanda işləyirlər. Eyni zamanda Azərbaycanlı iş adamlarının Macarıstana daha sıx əlaqələr qurmasına çalışırıq. O ki, qaldı dövlət rəsmilərinin qarşılıqlı rəsmi və işgüzar səfərlərinə , 2014-cü il üçün yüksək səviyyəli səfərlər planlaşdırılıb".

 

Azərbaycan Macarıstan arasında olan ticarət dövriyyəsinin istənilən səviyyədə olmadığını deyən diplomat deyib ki, bu rəqəm 100 milyon ABŞ dolları təşkil edib. Macarıstanda Azərbaycan diasporunun fəaliyyətindən danışan səfir qeyd edib ki, səfirliyin konsulluq uçotunda cəmi 36 nəfər həmvətənimiz dayanıb. Onların da təxminən yarısı ölkəyə təhsil almaq üçün gələn tələbələrimizdir.

 

"Azərbaycan diasporu demək olar ki, yox səviyyəsindədir. Macarıstandakı azsaylı azərbaycanlılar arasında səfirliklə yaxından əlaqə saxlayan, tədbirlərimizə qatılan hörmətə layiq insanlar var. Amma təəssüf ki, ictimai fəallıqları azdır. Macar cəmiyyəti ilə əlaqələri zəifdir. Əslində bu bütünlükdə Azərbaycan diasporuna xas olan qüsurdur. Amma iki cəmiyyət var. Amma biz səfirlik olaraq çalışırıq ki, onlarla sıx işləyək. Onlarla bizim səfirliklə əlaqələrə cəlb edək"

 

Səfir qeyd edib ki, dövlət maraqlarını qorumaq üçün xarici ölkələrdə yaşayan həmyerlilərimizin mütəşəkkilliyi və birliyi zəruridir. 

Müəllif | Apa.Tv
Apa.tv