Britaniyalı nazir: “İş adamlarımız Azərbaycandakı fəaliyyətlərindən məmnundur”

“Bir çox ölkələrdən korrupsiya və bürokratik əngəllərlə bağlı bizə şikayətlər daxil olur, amma Azərbaycanla bağlı vəziyyət qənaətbəxşdir. Bizim buradakı iş adamlarımızın ciddi narazılıqları yoxdur”. Bu fikirləri Böyük Britaniyanın enerji məsələləri üzrə naziri Mayk Fallon deyib. Mayk Fallon qeyd edib ki, Azərbaycana sərmayə yatırmış Böyük Britaniya şirkətlərinin normal fəaliyyət göstərməsi üçün yaxşı işgüzar şərait var: “Britaniyalı iş adamları buradakı fəaliyyətlərindən məmnundurlar. Azərbaycanda biznesin inkişafı üçün bütün imkanlar və perspektivlər var. Mən elə bir ciddi narazılığa və şikayətə rast gəlmədim. Əksinə, iş adamlarımız burada öz bizneslərini daha da inkişaf etdirmək və daha çox sərmayə yatırmaq arzusundadır”.

Britaniyalı nazir əlavə edib ki, onun səfəri, keçirəcəyi görüşlər də bu istiqamətdə əməkdaşlığın və əlaqələrin genişlənməsinə hesablanıb: “İş adamlarımızın Azərbaycana sərmayə qoymasını və qanunlar çərçivəsində bu ölkənin iqtisadi inkişafına dəstək göstərməsini prioritet məsələlərdən hesab edirik. Yalnız enerji sektorunda yox, digər sahələrdə də qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək lazımdır”.

Nazir qeyd edib ki, Azərbaycan həm bölgənin, həm də Avropanın enerji təhlükəsizliyində lider rolunda çıxış edə bilər: “Hazırda Ukrayna böhranı və İraqda baş verən münaqişə Avropanın yeni mənbələr və etibarlı tərəfdaşlar barədə düşünməsinə zərurət yaradıb. Bu baxımda Azərbaycan həm Böyük Britaniyanın, həm də Avropa Birliyinin bölgədəki əsas və sağlam tərəfdaşlarından biridir. Bir çox Böyük Britaniya şirkətləri Azərbaycanda bir çox sahələrə, o cümlədən neft-qaz sahəsinə sərmayələr yatırıb, Böyük Britaniyanın Azərbaycanda böyük maraqları var".

Mayk Fallonun sözlərinə görə, bu gün Azərbaycan rəsmiləri ilə görüşündə Britaniya-Azərbaycan əlaqələrinin inkişafına təkən verəcək məsələlər müzakirə olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv