Səfir Şahin Abdullayev: “Misir hökuməti sabitliyi bərpa etməyə çalışır”

"Misirdə təxminən 70-ə yaxın azərbaycanlı yaşayır. Bu sadəcə rəsmi qeydiyyatda olan həmyerlilərimizdir. Bundan əlavə səfirlikdə qeydiyyatda olmayan və başqa şəhərlərdə yaşayan azərbaycanlılar da var”. Bu açıqlamanı APA TV-yə Azərbaycanın Misurdə fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev verib. Onun sözlərinə görə, bir sıra həmyerlilərimiz Misirdə qeydiyyata düşmür və səfirliyə müraciət etmir: “Buna baxmayaraq səfirlik Misirdə yaşayan hər bir həmyerlimizin taleyinə görə cavabdehlik daşıyır. Hazırda Misirdəki səfirliyimiz 4 diplomatla fəaliyyətini davam etdirir. Biz tam formatda fəaliyyətimizi davam etdiririk. İndi hamı Misirdəki vəziyyətin müsbət məcraya yönəlməsini gözləyir. Çünki artıq prezident seçilib, hökumət var. Hazırda parlament seçkilərinə hazırlıq gedir. Siyasi gərginlik davam edir. Müxtəlif siyasi qruplaşmalar parlamentdə üstünlük əldə etmək məqsədi ilə bu gərginliyi daha da artırırlar. Düşünürəm ki, ölkədə təhlükəsizliyin təminatı bir nömrəli məsələdir. Misir hökuməti də bu sabitliyə çalışır".

Misirin Azərbaycanla iqtisadi əlaqələrinə diqqət çəkən diplomat qeyd edib ki, əczaçılıq sahəsində əməkdaşlıq, digər sahələrlə müqayisədə daha öndədir: "Əczaçılıq sahəsinə maraq böyükdür. İki dövlət arasında ticarət dövriyyəsi hər il 15-25 milyon dollar təşkil edir. Amma yeni layihələr var ki, bunlarında gələcəkdə reallaşdırılması planlaşdırılır. Tikinti, nəqliyyat sahələrini əhatə edəcək layihələr də nəzərdə tutulur. Süveyş kanalı boyunca həyata keçirilən yeni layihələr var ki, bunlar demək olar ki, dünyanın diqqət mərkəzindədir”.

Diplomat Misir-Azərbaycan əlaqələrinin yüksək inkişaf səviyyəsinə malik olduğunu deyib.

Müəllif | Apa.Tv
Apa.tv