Sevgilisi ilə dalaşan 29 yaşlı gənc özünü 13-cü mərtəbədən atmaq istədi

Dünən axşam saatlarında Bakıda intihara cəhd hadisəsi olub. APA TV-nin məlumatına görə, 29 yaşlı Ədilov Ceyhun Əbülfət oğlu paytaxtın Nəsimi rayonu ərazisində, Bəşir Səfəroğlu və Cəfər Xəndan küçələrinin kəsişməsindəki çoxmərtəbəli binadan özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb edilib.

 

Əvvəlcə intihara cəhdin səbəbi barədə. Ceyhun Ədilov sevgilisi ilə Bakıdakı barlardan birində pivə içib. Sevgililərin qarşılıqlı pivə içməsinin sonu yaxşı olmayıb. Onların arasında mübahisə yaranıb və qız Ceyhundan ayrılmaq istədiyini bildirib. Bu, Ceyhun Ədilovun xoşuna gəlməyib və o, sevgilisini intihara cəhdlə hədələyib. Amma qız da ürəyiyumşaq olmayıb və bildirib ki, hətta Ceyhunun intiharı da onu niyyətindən döndərə bilməz. Beləliklə, intihar arzusu Ceyhunu çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanına aparıb çıxarıb.

 

Ceyhunun eyvandakı davranışları ziddiyyətli olub. O, bəzi vaxtlarda özünü çox sərbəst aparıb, siqaret çəkib, su içib, telefonla danışıb. Bəzən isə özünü atmağa çalışıb, amma sonra fikrindən daşınıb. Xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları bu müddət ərzində Ceyhunun eşqindən eyvana çıxdığı qızla danışıblar. Qız inadından dönməyib və hadisə yerinə gəlmək istəməyib.

 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar. Ceyhun Ədilov polisə təhvil verilib.

 

Müəllif | Apa.Tv