İsrail Qəzzaya hücumu genişləndirir

İsrail ordusunun 4 gündür Qəzzaya hava hücumları nəticəsində 86 nəfər ölüb, 570 adam yaralanıb. Bu barədə məlumatı Fələstinin Səhiyyə Nazirliyi yayıb. Məlumata görə, yaralıların bəzilərinin vəziyyəti ağırdır. Onlardan 11-i müalicə üçün Misirə aparılıb.

 

O da məlum olub ki, İsrail Qəzzaya hücumları genişləndirməyi planlaşdırır. Bunu İsrail ordusunun cənub bölgələri üzrə komandanı Sami Terceman bəyan edib. Əməliyyatların bir neçə gün davam edəcəyini bildirən komandan deyib ki, Qəzzada hələ vurulmamış hədəflər var və ordu həmin hədəfləri vurmağa hazırlaşır.

 

İsrail prezidenti Şimon Peres isə bəyan edib ki, İsrail mülki vətəndaşları qorumaq üçün hər bir ssenariyə hazırdır. O, Qəzzaya hücumlarda və çoxlu sayda adamın ölümündə HƏMAS-ı günahlandırıb. Şimon Peres bildirib ki, HƏMAS İsrailə açdığı raket atəşləri ilə Qəzzadakı vətəndaşları təhlükəyə atıb.

 

Müəllif | Apa.Tv