Prezident: ““ASAN xidmət” avtobuslarının sayını artırmalıyıq”

“Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə gözəl nəticələr verir. Bunu əhali də görür, təqdirlə qarşılayır”.  APA TV-nin məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib. Dövlət başçısı bəyan edib ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində köklü dəyişiklərə nail olunub: ““ASAN xidmət”in fəaliyyəti xüsusi əhəmiyyətə malik olan fəaliyyətdir. İl yarım ərzində 2 milyondan artıq müraciət olmuşdur. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar bu quruma inanırlar, görürlər ki, orada onlardan rüşvət tələb etmirlər, süründürməçilik yoxdur, şəffafdır, gənclər xidmət göstərirlər, yüzlərlə könüllü bu işlərə cəlb olunub. Görün insanların rahatlığı, gənc nəslin yetişdirilməsi, hazırlanması, vətənpərvərliyin möhkəmləndirilməsi, gücləndirilməsi üçün bunun nə qədər böyük faydası vardır. Ümumiyyətlə, bu sistem cəmiyyətə yeni bir ab-hava, ictimai xidmətlər sahəsinə yenilik gətirdi. Biz indi səyyar avtobusları bölgələrə göndəririk. Mənə yerlərdən məlumat gəlir ki, orada insanlar bu avtobusları bir bölgədən başqa bölgəyə getməyə qoymurlar. Nə üçün? Çünki orada onlardan rüşvət tələb edilir”.

 

Prezident deyib ki, aidiyyatı qurumlar, prokurorluq və digər qurumlar, icra nümayəndələri ayrı-ayrı yerlərdə vətəndaşlardan rüşvət tələb edilməsi məsələsinə çox ciddi diqqət verməlidir. Dövlət başçısı tapşırıq verib ki, “ASAN xidmət”in avtobuslarının sayı 2-dən 10-a çatdırılsın. Maliyyə Nazirliyi bu məsələyə baxmalı və təklif verməlidir.

 

Dövlət başçısı ölkədəki iqtisadi vəziyyətdən danışarkən deyib ki, ölkədə aparılan islahatların mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir.

 

Prezident bildirib ki, kənd yolları hər bir insanı narahat edən məsələdir: “Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilib. Ancaq hələ ki, bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin ehtiyat fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin ehtiyat fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır”.

 

Dövlət başçısı deyib ki, növbəti 3-4 il ərzində Azərbaycanda təmirsiz kənd yolu olmayacaq.

 

 

Müəllif | Apa.Tv