Kürdəmirdə dəhşətli qəza: 1 ölü, 6 yaralı - YENİLƏNİB

Kürdəmir rayonunda baş verən ağır avtomobil qəzasında ölən və yaralananların şəxsiyyəti məlum olub. APA TV-nin məlumatına görə, qəza Bakı-Qazax yolunun 170-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində qeydə alınıb. “BMW” və “Hyundai Sonata” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb. Sumqayıt sakini, 34 yaşlı Hamlet Qarayevin idarə etdiyi “BMW" markalı avtomobillə Tərtər sakini Azər Nuriyevin idarə etdiyi “Hyundai Sonata” markalı maşın toqquşub. Qəza zamanı “BMW” maşını ortadan iki yerə bölünüb, “Hyundai Sonata” isə deformasiyaya məruz qalıb. “BMW”nin sürücüsü Hamlet Qarayev dünyasını dəyişib. “BMW”də olan sərnişin Rövşən Əhmədəliyev, eləcə də “Hyundai Sonata”da olan sərnişinlər - Şəhriyar Musayev,  Muqbil Musayev, Sənubər Musayeva, Gülmirə Nuriyeva və Nail Muradov ağır bədən xəsarətləri alaraq Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan 6 nəfərdən 4-ü bir ailənin üzvüdür.

 

Xəstəxananın həkimi Mahmud Məmmədov APA TV-yə bildirib ki, xəstələrdən ikisinin vəziyyəti orta-ağırdır: “Bu gün qəzada xəsarət alan 6 nəfər Kürdəmir Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə daxil olublar. Xəstələrin ikisinin vəziyyəti orta-ağır, 4-ü isə yüngül xəsarət alıb. Xəstələr müayinədən keçib, vəziyyətləri kafidir”.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov