Azərbaycan Ordusu üçün 154 həvəskar paraşütçü hazırlanıb

"Nazirlər Kabinetinin 14 may 2014-cü il tarixli Qərarı ilə "Xüsusi hərbi ixtisaslar üzrə vətəndaşların hazırlığını keçirən təhsil müəssisələrinin siyahısı" təsdiq edilib. Bununla əlaqədar kinoloq, paraşütçü, kəşfiyyatçı və çağırışçılar arasından snayperlərin hazırlanması üçün lazımi sənədlər hazırlanıb". APA TV-nin məlumatına görə, bunu Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC-nin yaradılmasının 2-ci illlik fəaliyyətinə dair hesabat tədbirində cəmiyyətin sədri Şahvələd Əliyev bildirib.


"Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" MMC Azərbaycan Ordusu üçün geniş profildə mütəxəssislər hazırlayacaq. Cəmiyyətin filiallarında vətəndaşların texniki ixtisaslar üzrə hazırlığı ilə yanaşı, 53 filialda Silahlı Qüvvələr və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün 17 yaşına çatmış vətəndaşların və çağırışçıların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı həyata keçirilir"


Şəhvələd Əliyevin sözlərinə görə, Aərbaycan ordusunun sürücü mütəxəssislərə olan tələbatının böyük hissəsi cəmiyyətimiz tərəfindən təmin edilir. "Bundan əlavə, sifariş əsasında ordumuz üçün aşpaz ixtisası üzrə mütəxəssislər hazırlanır. Bu ixtisas üzrə hazırlıqlar isə peşə liseylərindən müqavilə əsasında cəlb edilmiş peşəkar mütəxəssislər tərəfindən həyata keçirilir". Cəmiyyətin sədri əlavə edib ki, hesabat dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələri və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin sifarişi ilə 15000 nəfər "B" və "C" kateqoriyalı nəqliyyat vasitələrinin sürücüsü, 253 nəfər aşpaz mütəxəssis hazırlanıb. Bundan əlavə, təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq hazırki dövrədək 82620 nəfər müxtəlif kateqoriyalar üzrə sürücü mütəxəssis, eyni zamanda 154 nəfər həvəskar paraşütçü hazırlanıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı