Xidmət rəisi: "Vətəndaşların əmək hüquqları ən çox sahibkarlıq subyektlərində pozulur"

“Cari ilin altı ayında tətbiq olunan 2 milyon 352 min manat cərimədən artıq işəgötürənlər tərəfindən dövlət büdcəsinə 894 min manatı ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 dəfə çoxdur”. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə bildirib. Onun sözlərinə görə, vətəndaşların əmək hüquqlarına, o cümlədən işçi əməyinin mühafizəsinə, onun həyat və sağlamlığına, layiqli əməyinin təminatına münasibətdə işəgötürənlərin sosial məsuliyyətinin artırılmasının aparılan işlərdə əsas məqsədidir.

“Bu ilin yanvar-iyun aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 46 ədəd az - yəni 4465 müəssisədə dövlət nəzarəti həyata keçirilsə də, 14,6 faiz çox - yəni 9269 halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib. Həmin hüquq pozuntularının 89,6 faizi məhz sahibkarlıq subyektlərində qeydə alınıb. Eyni zamanda təhlillər əsasında əmək qanunvericiliyinin pozulması hallarının daha çox iqtisadiyyatın topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında özünü göstərdiyi məlum olub”.

Qeyri-leqal formada əməyə cəlb olunma hallarının qarşısının alınmasının diqqətdə saxlanıldığını deyən Fuad Əlizadə son 6 ayda əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb olunmuş 5613 nəfər işçi ilə işəgötürən arasında əmək müqavilələrinin bağlatdırıldığını bildirib.

“Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,14 faiz çoxdur. Təbii ki, həmin işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi onların əmək və gələcək sosial təminat hüquqlarının bərpasına, eyni zamanda, dövlət büdcəsinə qanunvericiliklə müəyyən olunmuş vergilərin və digər məcburi ödənişlərin də aparılmasına səbəb olub”.

Nazirlik rəsmisi qeyd olunan dövrdə ümumi məbləği 231,6 min manat təşkil edən ödənişi gecikdirilmiş əmək haqqı və sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin təmin edildiyini qeyd edib.
 
 

Müəllif | Apa.Tv