Lənkəranda dəhşətli yanğın: Yaşayış evi külə dönüb

Lənkəranda güclü yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, hadisə iyulun 11-də saat 15.00 radələrində şəhərin Şəhidlər Xiyabanı, 60 ünvanında 1946-cı il təvəllüdlü Fəridə Əbdülqasım qızı Axundovaya məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə cəlb olunan 2 yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının qonşu tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 225 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evin dam örtüyü və 90 kvadratmetrlik ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yarasız vəziyyətə düşüb.
İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi bildirilir. Hadisənin dəqiq başvermə səbəbləri isə aparılan ekspertizanın rəyindən sonra bəlli olacaq.
 
Faktla bağlı araşdırma aparılır.
 
 

Müəllif | Apa.Tv