Lənkəranda iki yük maşını toqquşdu, 1 nəfər yaralandı

Lənkəranda yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyulun 11-də saat 16.00 radələrində Ələt-Astara magistralının 203-cü kilometrliyində, yolun Lənkəran rayonunun Şilavar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax rayon sakini, 34 yaşlı, Ramin Fazil oğlu Həsənovun idarə etdiyi “Şagman” markalı ağırtonajlı yük maşını Ələt istiqamətində hərəkətdə olarkən, yolun ehtiyat hissəsində hərəkətsiz dayanmış İran İslam Respublikasının vətəndaşı, 39 yaşlı Şahram Goranbanlının sükanı arxasında oturduğu “KamAZ” markalı ağırtonnajlı yük maşınına çırpılıb. Nəticədə “Şagman”ın sürücüsü Ramin Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin versiya kimi hadisənin baş verməsinə səbəb “Şagman”ın sürücüsünün avtomaşını yüksək sürətlə idarə etməsi və qəfildən idarəetməti itirməsi göstərilir. Qəzanın dəqiq başvermə səbəbləri avtoekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı araşdırma aparılır.
 
 

Müəllif | Apa.Tv