Bu il ölkədə 750 kq narkotik müsadirə edilib

2014-cü ilin 6 ayı ərzində ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizənin nəticələrinə dair məlumat açıqlanıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından APA TV-yə verilən məlumata görə, 2014-cü ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilib. Cari ilin ötən 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 1884 fakt aşkar edilib ki, onlardan 514 satış, 1271 saxlama, 92 əkin, 7 digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 748 kiloqram 020,56 qram müxtəlif növ narkotik vasitələr müsadirə olunaraq qanunsuz dövriyyədən çıxarılıb. Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 92 kiloqram 633,331 qramı həşiş, 202 kiloqram 950,059 qramı heroin, 149 kiloqram 131,438 qramı tiryək, 278 kiloqram 505,9 qramı marixuana, 2 kiloqram 016,654 qramı psixotrop maddə, 0,1 qramı prekusor və 22 kiloqram 937,130 qramını digərləri təşkil edib. Həmçinin "Xaş-Xaş" 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 111 ton 158 kiloqram 534 qram narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq məhv edilib. Cinayət məsuliyyətinə cəlb edilən 1242 nəfərdən 34 nəfəri xarici ölkə vətəndaşları olub ki, onlardan 170 kiloqram artıq müxtəlif növ narkotik vasitələr götürülüb. Əcnəbilərdən 1-i Litva, 6-sı Rusiya Federasiyası, 13-ü İran İslam və 14-ü Gürcüstan Respublikasının vətəndaşları olub. Təqdim olunan hesabatlarda Daxili İşlər Nazirliyi (DİN) tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində narkotik vasitələrlə bağlı 1743 fakt üzrə 374 kiloqram 885,607 qramı narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı