Eduard Şevardnadze bu gün dəfn ediləcək

Gürsüstanın keçmiş prezidenti, həftənin əvvəlində dünyasını dəyişən Eduard Şevardnadze bu gün dəfn ediləcək. APA TV-nin məlumatına görə, dünən Gürcüstanın ən böyük kilsəsi “Sameba”da eks-prezidentlə vida mərasimi keçirilib. Gürcüstan vətəndaşları və ölkədəki əcnəbilər Eduard Şevardnadze ilə vidalaşıb, dualar oxuyub, şam yandırıblar. Kilsədəki başsağlığı kirabına ürək sözlərini yazmaq istəyənlər uzun növbə yaradıblar.

 

Vidalaşma bu gün səhər də davam edəcək. Daha sonra rəsmi vida mərasimi olacaq və Eduard Şevardnadze dəfn ediləcək.

 

Eks-prezidentlə rəsmi vida mərasimində xarici ölkələrdən çoxlu sayda qonaqlar iştirak edəcək. Onların arasında ABŞ-ın keçmiş dövlət katibi Ceyms Beyker, Almaniyanın keçmiş xarici işlər naziri Hans Ditrix Genşer,  Estoniya və Qırğızıstanın prezidentləri və başqaları da var. Azərbaycanı mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov təmsil edəcək.

 

Xatırladaq ki, Gürsüstanın eks-prezidenti və SSRİ-nin keçmiş xarici işlər naziri Eduard Şevardnadze 86 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

 

Müəllif | Apa.Tv