Həmas İsrail ordusunu geri çəkilməyə məcbur etdi

İsrail Qəzzaya ordu yeridib. 6 günlük raket hücumlarından sonra İsrail ordusu və Həmas ilk dəfə quruda qarşılaşıb. APA TV-nin məlumatına görə, Həmasın hərbi qolu "İzzəddin Qəssam"la döyüşə girən İsrail əsgərləri Qəzza sektorunun şimalında yerləşən Həmasa aid raket atma sahəsinə hücum edib. İsrail ordusunun sözçüsü bildirib ki, Həmasın atəş açması ilə başlanan münaqişədə raket qurğularının yerləşdiyi nöqtələr məhv edilib. İsrail ordusu əməliyyatdan sonra geri çəkilib. Həmas isə İsrail ordusunun hücumunun sahildəcə qarşısının alındığını və onların quruya çıxmasına imkan verilmədiyini bildirib. Şənbə günü İsrail xarici işlər naziri Avidor Liberman hökumətin bazar gününə qədər quruda müharibə ilə bağlı qərar verəcəyini söyləmişdi. Bu gecə İsrail ordusunun Qəzza sektoruna atdığı raketlər nəticəsində 3 nəfərin öldüyü, bununla da ölənlərin sayının 163-ə çatdığı bildirilir. Ölənlərdən biri 2 yaşlı uşaqdır.

Müəllif | Apa.Tv
Apa.tv