Qızıl top kimin olacaq?
Braziliyada keçirilən dünya çempionatının sonu həm də bir neçə nominasiyada dünyanın ən yaxşı futbolçularının seçilməsi ilə yadda qalacaq. APA TV-nin məlumatına görə, dünyanın ən yaxşısı seçilmək üçün 3 nominasiyada namizəd futbolçuların adları məlum olub. "Qızıl top" mükafatına Argentinadan Anxel Di Maria, Lionel Messi və Maskerano namizəd göstəriliblər. Bundan başqa adları çəkilənlərin siyahısında Almaniyadan Hummels, Kross, Lahm, Müller, Hollandiyadan Robben, Braziliyadan Neymar və Kolumbiyadan Rodriges də var. Ən yaxşı gənc oyunçu nominasiyasında Fransadan Poqba, Varane, Hollandiyadan Depayın adları çəkilir. Ən yaxşı qapıçı seçiminə isə Kosta Rikadan Navas, alman Noyer və Argentinadan Romeronun adları daxil edilib. Maraqlıdır ki, azarkeşlərin sevimlisinə çevrilən və gözəl qurtarışları ilə yadda qalan Oçoanın adı siyahıda yoxdur.