Siçan dərmanı Zaqatala sakininə pis təsir edib

Zaqatalada biri azyaşlı olmaqla iki nəfər dərmandan zəhərlənib.  

 

Zaqatala rayon Mərkəzi Xəstəxanasından APA TV-yə verilən məlumata görə, iyul ayının 12-i axşam saatlarında rayonun Çobankol kənd sakini 1962-ci il təvəllüdlü İlfan İslam oğlu Məmmədov və Zaqatala şəhər sakini 2012-ci il təvəllüdlü  Yusif Sənan oğlu Qurbanov halsız vəziyyətdə xəstəxananın qəbul şöbəsinə daxil olublar. Həkimlərin araşdırması zamanı məlum olub ki, İlfan Məmmədov gəmiriciləri məhv etmək üçün istifadə edilən kimyəvi dərmanla iş gördükdən  sonra onda qismən zəhərlənmə baş verib. 2  yaşlı Yusif Qurbanov isə evdə valideynlərindən xəbərsiz soyuducuda saxlanılan bel ağrıları üçün istifadə edilən maye halda olan dərmanı qəbul edib. Bu səbəbdən iki yaşlı uşaq zəhərlənib. Hər iki xəstəyə ilkin yardım göstərildikdən sonra xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin müdaxiləsindən sonra hər iki xəstənin vəziyyəti stabilləşib. Bu gün səhər saatlarından iki yaşlı Yusif  Qurbanov müalicəsi xəstəxananın uşaq şöbəsində, İlfan Məmmədovun isə reanimasiya şöbəsində davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov