Lənkəranda “VAZ-21014” traktora çırpılıb, ölən və xəsarət alan var

Lənkəranda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat qəzası baş verib. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran-Boradigah şose yolunun rayonun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Girdəni kənd sakini, 20 yaşlı Elmar Ağagül oğlu Şabanovun idarə etdiyi “90 NV 254” dövlət nömrə nişanlı, “VAZ-21014” markalı minik avtomobili qarşısında hərəkətdə olan, Veravul kənd sakini, 29 yaşlı Dadaş Mehrab oğlu Hüseynovun idarə etdiyi “Belarus” markalı ot presləyən traktora çırpılıb.

 Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücü hadisə yeridə ölüb, sərnişini - Girdəni kənd sakini, 20 yaşlı Cavad Muğdat oğlu Əsgərzadə isə ağır bədən xəsarətləri alıb.

 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri çağırılıb. Onların köməyi ilə sürücünün cəsədi və sərnişini çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblər.

 Lənkəran Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəsarət alan şəxsin üzərində cərrahiyyə əməliyyatı aparılıb, vəziyyəti ağırdır.  İlkin ehtimala görə, hadisəyə “VAZ 21014”-ün sürət həddini aşması səbəb olub.

 Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv