Temperatur yenidən yüksələcək

Sabah gündüzdən başlayaraq Azərbaycanda hava şəraiti mülayimləşəcək, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə bildirilib ki, sonrakı günlərdə ölkə ərazisində havanın temperaturu yenidən yüksələcək. Havanın temperaturu iyulun 16-17-də bu günlərlə müqayisədə 3-5 dərəcə yüksək olacaq. İyulun 15-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq. İyulun 15-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir. Tibbi meteoroloji proqnoza gəlincə, iyulun 15-də Abşeron yarımadasında əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur şəraiti gözlənilir. İyulun 16-17-də isə zəif küləklərin üstünlüyü fonunda günorta saatlarında gözlənilən isti diskomfort şərait meteohəssas insanlar üçün əsasən əlverişsiz olacaq.

Müəllif | Apa.Tv
Apa.tv