AMEA-da Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Heydər Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş elmi konfrans keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə çıxış edərək bildirib ki, Azərbaycan 1969-cu ilə kimi SSRİ-nin tərkibində geridə qalan ölkələrdən biri idi, 45 il öncə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan dövlətinin inkişafının təməli qoyulub.

 

A. Əlizadə qeyd edib ki, Heydər Əliyev hakimiyyətə gələrkən ölkənin gələcək inkişafının proqramını ortaya qoyub və bunun icrası istiqamətində mühüm işlər görüb. O, Azərbaycanı bugünkü firavan həyata gətirib çıxarıb. Bu gün ölkəmiz ildən-ilə inkişaf edir, Heydər Əliyevin əsasını qoyduğu siyasət prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 

Tədbirin davamında AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasirlik”, Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov “Görkəmli dövlət xadimi Heydər Əliyev və Azərbaycan nefti” mövzularında məruzə ilə çıxış ediblər.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı