İlklərin çempionatı, 24 ildən sonra gələn kubok, seçilən "ən yaxşılar"...

Futbolsevərləri və dünyanı son bir ayda intizarda saxlayan çempionat bitdi. Futbol üzrə XX Dünya Çempionatı. Yer kürəsinin ən güclü millilərinin qatıldığı bu yarışmanın qalibi Argentinanı uzatma dəqiqələrində Götzenin vurduğu qolla məğlub edən Almaniya oldu. Braziliyanın ev sahibliyi etdiyi 20-ci FİFA Dünya Çempionatı bir çox maraqlı məqamları ilə yaddaşlara köçdü. Ardıcıl 3-cü dəfədir, final oyununun nəticəsini 90 dəqiqənin tamamında müəyyənləşdirmək mümkün olmayıb. 2006-cı ildə Almaniyada keçirilən mundialda görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatsa da, əlavə vaxtda qələbə qolu vurulmayıb. Belədə İtaliya ilə Fransa penaltilər seriyasına müraciət etməli olub. 2010 və 2014-cü illərdə keçirilən mundialların finallarında isə 90 dəqiqə ərzində qol vurmaq mümkünsüzə çevrilib. Ancaq tərəflər əlavə vaxtda vurduqları 1 qolla qalibin kimliyini müəyyənləşdirə bilib. 4 il əvvəl bu uğura İspaniya Andres İnyestanın 116-cı dəqiqədə vurduğu qolla nail olub. Builki dünya çemionatında isə Mario Götzenin 113-cü dəqiqədə vurduğu qol Almaniyanı 4-cü dəfə dünya çempionu edib. Ümumiyyətlə, bu, əlavə vaxtda taleyi həll olunan 5-ci mundial oldu. Builki göstərici ilə Almaniya İtaliyaya çatıb. Maraqlıdır ki, Almaniya 4-cü çempionluğunu İtaliya və Braziliya kimi 24 ildən sonra qeyd edib. Bundestim sonuncu dəfə 1990-cı ildə İtaliyanın paytaxtı Romada bu zəfəri yaşamışdı. Almaniyanın çempionluğu həm də yeni göstərici ilə əlamətdar olub. Belə ki, ardıcıl 3-cü dəfə mundialın qalibi adına Avropa təmsilçisi yiyələnib. İndiyədək bir qitənin nümayəndəsi yalnız ardıcıl 2 dəfə çempion ola bilmişdi. Avropalıların ardıcıl 3-cü dəfə qalib olması kubokun Amerika qitəsinə getməsini əngəlləyib. Bununla da amerikalıların avropalılarla eyni sayda - 10-cu dəfə çempionluq yaşamaq istəyi reallaşmayıb. Hazırda Avropa qitəsinin nümayəndələri 11, Amerikanınkılar isə 9 dəfə bu titul sevincini yaşayıb. Almaniyanın qələbəsi isə daha bir yeniliklə yadda qalıb. İndiyədək heç bir Avropa yığması Amerika qitəsində çempionluq kubokunu başı üzərinə qaldırmamışdı. Bununla da Almaniya Braziliyaya çatmış oldu. 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatında braziliyalılar ilk çempionluqlarını məhz meydan sahibləri olan avropalıların yerində qeyd edib. Bu ilki kubokun verilməsi mərasiminə Braziliya prezidenti Dilma Rausef, Almaniya prezidenti Yoahim Qauk ilə baş nazir Angela Merkel, FİFA prezidenti Zepp Bletter və UEFA prezdenti Mişel Platini qatıldı.  Blatterə qarşı azarkeşlərin etiraz etmələri diqqətdən qaçmadı. Əvvəlcə gümüş medalları almaq üçün tribunada qurulmış platformaya doğru gedən argentinalı futbolçular almaniyalı rəqibləri tərəfindən alqışlandı. Daha sonra isə Almaniya yığmasının üzvləri platformaya qalxdılar. Almanların kapitanı Filip Lahm çempionluq kubokunu FİFA prezidenti Zepp Blaterdən aldı. Lahmın kuboku başı üzərinə qaldırdığı an Marakana stadionunda möhtəşəm atəşfəşanlıq başladı. Bundan əlavə Rio de Janeyronun simvolu sayılan İsanın heykəli də Almaniya bayrağının rəngləri ilə işıqlandırıldı. Tribunalarda isə çox sayda argentinalı azarkeşin son anda əldən çıxan çempionluğa görə göz yaşları axıtdıqları nəzərdən qaçmadı. Almaniya yığması tarixində 4-cü dəfə dünya çempionu oldu. Matçdan sonra mundialın "ən yaxşı"larının adları da açıqlandı. Çempionatın ən yaxşı oyunçusu finalda uduzan cənubi amerikalıların kapitanı Lionel Messi seçildi. Argentina məğlub olsa da, Messi Qızıl Topa sahib oldu. Bu nominasiyada alman Tomas Müller ikinci, holland Aryen Robben isə üçüncü olub. Ən yaxşı qapıçı isə Qızıl Əlcək Mükafatına layiq görülən almaniyalı Manuel Noyer oldu. Çempionatın bombardiri isə ən çox qol vuran kolumbiyalı Xames Rodrigez oldu. 6 qol vuran kolumbiyalı hücumçu qızıl butsa sahibləndi.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı