Azərbaycan və İtaliya prezidentləri görüşüblər

Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya Respublikasının prezidenti Corco Napolitanonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

 

Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında əlaqələrin Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı baxımından önəmi vurğulanıb. Azərbaycanın Avropa Şurasında, İtaliyanın Avropa İttifaqında sədrliyi dövründə səylərin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.

 

Söhbət zamanı energetika sahəsində əməkdaşlığın uğurlu inkişafı vurğulanıb, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verdiyi bildirilib.

 

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-İtaliya ikitərəfli münasibətlərinin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

 

Görüşdən sonra İtaliya prezidenti Corco Napolitanonun adından Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə nahar verilib.

 

Prezident İlham Əliyev Romada İtaliya Senatının sədri Pietro Qrasso ilə də görüşüb. Görüşdə Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olunub.

 

Azərbaycanda çoxsaylı italyan şirkətlərinin fəaliyyət göstərməsinin əlaqələrimizin inkişafına töhfə verdiyi bildirilib. İki ölkə arasında əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişafında mühüm rol oynadığı qeyd olunub. Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə, İtaliyanın isə Avropa İttifaqına sədrliyi dövründə birgə fəaliyyətin həyata keçirilməsinə əminlik ifadə edilib.

 

İtaliya Senatının sədri ölkəsinin Azərbaycana Qafqazda sabitliyin təminatçısı kimi yanaşdığını bildirib.

 

Prezident İlham Əliyev İtaliya Senatının sədrinə Ermənistanın Azərbaycana hərbi təcavüzünün nəticələri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə məlumat verib.

 

Prezident İlham Əliyev Italiyaya səfəri çərçivəsində Romada naməlum əsgər abidəsini də ziyarət edib. Dövlət başçısı abidənin önünə əklil qoyub.

 

Müəllif | Apa.Tv