Qəzzada ölənlərin sayı 180-i ötdü, atəşkəs danışıqları başladı

İsrail və Fələstin arasında atəşkəslə bağlı danlşıqlar başlayıb. APA TV xəbər verir ki, bu barədə məlumatı İsrail KİV-i yayıb. Tərəflər danışıqlarda bir sıra şərtlər irəli sürüblər.

 

İsrail HƏMAS-dan 2012-ci ilin noyabrında imzalanmış atəşkəs müqaviləsinin şərtlərinə əməl etməyi tələb edir. Bundan başqa, rəsmi Təl-Əviv HƏMAS-ın tam tərksilah edilməsini, eləcə də, raketlərin buraxılması üçün tunnel və şaxtaların məhvini istəyir.

 

HƏMAS isə “İslami müqavimət hərəkatı”nın bu ilin yayında həbs edilmiş 55 fəalının azadlığa buraxılmasını, Misirlə sərhəddəki Rəfah sərhər keçidinin açılmasını  tələb edir.

 

“Əl Cəzirə” telekanalının məlumatına görə, tərəflər Misirin atəşkəs təklifi ilə bağlı prinsipial razılığa gəliblər və bu gündən atəş dayandırıla bilər.

 

Son məlumata görə, İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 184-ə çatıb. 1385 adamın yaralandığı bildirilir.

 

İsrail tərəfi isə məlumat yayıb ki, Qəzzadan atılan raketlər 3 israillinini yaralanmasına səbəb olub.

 

İsrail ordusu İordan çayının Qərb sahilində 8 fələstinli deputatı həbs edib.Saxlanılanların hamısı HƏMAS təşkilatına bağlı deputatlardır.

 

Həmçinin İsrail hərbçiləri keçirdikləri reydlərin birində 21 yaşlı fələstinlini güllələyiblər. Məlumata görə, Hevron şəhəri ətrafında keçirilən genişmiqyaslı axtarış əməliyyatı yerli gənclərin etirazına səbəb olub və toqquşma baş verib.

 

Müəllif | Apa.Tv