Azərbaycan-Rusiya biznes forumu keçirilib

"Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə 30-dan çox sənəd imzalanıb. Bu gün Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.  Xarici iş adamlarının ölkəmizə marağı artır, Azərbaycana yatırılan investisiyaların həcmi ildən-ilə çoxalır".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Bakı Biznes Mərkəzində Rusiyanın Tomsk vilayətinin iş adamlarının ölkəmizə səfəri çərçivəsində Azərbaycan-Rusiya biznes forumunda çıxışında Azpromo-nun rəhbəri Rüfət Məmmədov deyib.

 

Rüfət Məmmədov Azərbaycan iqtisadiyyatı, eləcə də ölkəmizin Rusiya ilə ticarət-iqtisadi əlaqələrinə dair məlumat verib: "2013-cü ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 10%-dən çox artıb.  Bu gün Azərbaycanda 570 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Azərbaycan şirkətləri də Rusiyanın müxtəlif regionlarında uğurla fəaliyyət göstərir".

 

O əlavə edib ki, son illər Rusiya tərəfindən ölkəmizdə əsas kapitala 628,4 mln. dollar, qeyri-neft sektoruna isə 168,9 mln. dollar investisiya yatırılıb. Son 3 ildə Rusiyanın subyektləri ilə 13 biznes forum, işgüzar görüş və sərgi keçirilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı