Lənkəranda iki ev yanıb

Lənkəranda iki fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA TV-nin cənub bürosuna verilən məlumata görə, birinci hadisə şəhər sakini,  1934-cü il təvəllüdlü Həsən Murtuz oğlu Əliyevə məxsus birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evində qeydə alınıb. Yanğının söndürülməsindən ötrü hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın qısa müddətdə lokallaşdırılıb. Nəticədə ümumi sahəsi 200 kvadratmetr olan evin bir otağı 20 kv.m və dam örtüyü  10 kv.m sahədə yanaraq yararsız  vəziyyətə düşüb.

 

Digər yanğın hadisəsi isə rayonun Narbağı kənd sakini, 1985-ci il təvəllüdlü Nizami Teyyub oğlu Şükürova məxsus fərdi evdə qeydə alınıb. Hadisə yerinə 2 yanğınsöndürən maşın və canlı qüvvə səfərbər olunub. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev içindəki məişət avadanlıqları ilə birlikdə tamamilə yanaraq kül olub.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv