Bakı Olimpiya Stadionundan XÜSUSİ REPORTAJ

Bu il iyunun 12-dən gələn il Bakıda keçiriləcək ilk Avropa Oyunlarına geri sayım başlayıb. Avropa oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri tərəfindən Bakıya həvalə olunub. APA TV-nin məlumatına görə, oyunlar 2015-ci ilin 12-28 iyun tarixlərində keçirilməklə, ümumilikdə 17 yarış gününü əhatə edəcək. Olimpiya oyunlarında ölkələrini təmsil edən 6000-dən çox avropalı atletin qüvvəsini sınayacağı gözlənilir. Yarışlar "Çimərlik futbolu" və "3x3 Baksetbol" kimi yeni idman növləri də daxil olmaqla, ümumilikdə 19 idman növü üzrə keçiriləcək. Ümumilikdə 239 medal qazandıracaq idman yarışı baş tutacaq.  Oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionunun əsas işləri isə  artıq tamamlanmaq üzrədir. İşlərin 80 faizi başa çatıb.  

 

"4 zona və  6 mərtəbədən ibarət olan stadionun tamaşaçı tutumu 68 min yerlikdir".

 

"Stadiona giriş 3 istiqamətdən olacaq".

 

Hündürlüyü 62 metr olan stadionun tikintisi üçün 350 min kub metr betondan və 22 min ton  polad konstruksiyalardan istifadə olunub. Texniki məsələlər üzrə menecer Barış Altıbarmaq bildirib ki:

 

"Mümkün qədər Azərbaycanda istehsal olunan yerli materiallardan istifadə edirik . Xüsusi özəl istehsalat materiallarını isə xaricdən gətirməklə stadionun mövcud tikintisini davam etdiririk. Hazırda isə dam örtüyü və fasad bağlanmaq üzrədir. Qaçış zonalarını oyuna hazır vəziyyətə gətiririk".

 

"İlk başda stadionun tikintisi üçün 5300 işçi qüvvəsi cəlb olunmuşdusa son vaxtlarda işin azalması səbəbi ilə işçilərin sayı 4800-ə kimi azaldılıb".

 

Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq bildirib ki, burada sadəcə 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunları deyil, eyni zamanda müxtəlif idman yarışları da keçiriləcək. Stadion Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən tikilir. Buna görə də, stadionun tikilməsi üçün Bakı Avropa Oyunları Təşkilat Komitəsi  heç bir məsuliyyət daşımır. Stadion hazır olduqdan sonra təhvil veriləcək.
 

"O vaxtdan etibarən biz məsuliyyəti öz üzərimizə götürəcəyik. Burada dizayn yerləşdirmə açılış və bağlanış mərasimləri üçün hazırlıq prosesləri üzrə məsuliyyəti daşıyacağıq. Stadionda çox müxtəlif komponentlər, müxtəlif ayrı-ayrı hissələr nəzərdə tutulmuşdur. Amma nəzərə alsaq ki,  stadion yalnız 2015-ci il Avropa oyunları zamanı deyil, Azərbaycanda digər  idman yarışlarının keçirilməsi üçün də nəzərdə tutulur, buna görə, biz 2015-ci Avropa oyunları zamanı bu komponentlərin bir çox hissəsindən istifadə etsək də, bütünlüklə istifadə etməyəcəyik".

 

İcraçı direktor bildirib ki, istər idmançıların, istərsə də tamaşaçıların təhlükəsizliyi üçün  çox böyük işlər gedir və təhlükəsizliyə tam nəzarət ediləcək. Onun sözlərinə görə, təhlükəsizlik xidməti ilə məşğul olan dövlət qurumları ilə yaxından əməkdaşlıq edilir ki, inteqrasiya edilmiş vahid bir təhlükəsizlik planının mövcud olmasına nail olunsun. Bundan başqa avtomobillərin saxlanılması üçün də kifayət qədər dayanacaq yerləri də nəzərdə tutulub.

 

"Amma yenə də nəzərə alsaq ki, bu stadiondan sadəcə 2015-ci il Avropa oyunları zamanı deyil, daha sonra Azərbaycanda keçiriləcək digər idman tədbirləri zamanı  da istifadə olunması nəzərdə tutulur, burda əlbəttə ki, say çox böyükdür. Amma tam şəkildə ilk Avropa oyunları zamanı lazım olacaq potensiala malikdir". 

 

Saymon Kleq əlavə edib ki, açılış 12 iyun tarixində baş tutacaq bütün hesablamalar da həmin tarix əsasında aparılır.

 

"Biz açılış mərasimini təbii ki, bir gün də olsa gecikdirə bilmərik. Buna görə də müxtəlif tikinti şirkətləri ilə müxtəlif danışıqlar aparırıq ki, bizə lazım olan tarixlərdə nəzərdə tutduğumuz plan əsasında bütün işlər tam hazır olaraq təhvil verilsin".

 

"Stadionun tikintisinə 1 noyabr 2012-ci ildə başlanılıb və 12 fevral 2015 ci ildə yekunlaşdırılması planlaşdırılan stadionun son görüntüsü bu şəkildə olacaq".

 

Müəllif | Apa.Tv
Almaz Qasımova