Saxlanan şəxs: "Xəstə uşağıma dərman almaq üçün oğurluq elədim"
Qazax rayon sakini Əmirxanov Emil Elxan oğlu tanışı Neftçala rayon sakini Baloğlanov Qiyas Nazim oğlu ilə qabaqcadan əlbir olaraq Bakının müxtəlif rayonlarında mənzillərdən oğurluqlar ediblər. APA TV-nin məlumatına görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları vətəndaşların şikayətlərindən sonra mənzillərdən oğurluq edən hər iki şəxsi müəyyən edərək saxlayıblar. Emil Əmirxanov dindirilərkən cinayəti pula ehtiyacı olduğu üçün törətmək məcburiyyətində qaldığını bildirib. Rayonda xəstə uşağının dərmanı üçün pul lazım olduğunu deyən Emil Qiyasa növbəti dəfə oğurluq etməyi təklif edib. Tanışlar oğurluq yolu ilə ələ keçirdikləri planşeti Neftçilər Metrostansiyasının yaxınlığındakı mağazalardan birinə 140 manata satıblar. Həmin pulun 130 manatını Emil Qazaxa göndərib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.