40 dərəcə isti olacaq
Yaxın 2 gün ərzində Azərbaycanda havanın temperaturu yüksələcək və isti hava şəraiti müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumatda bildirilib ki, iyulun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 32-37 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacağı, lakin axşam qıraq qərb rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 33-38, bəzi yerlərdə 40 dərəcə, dağlarda gecə 11-16, gündüz 24-29 dərəcə isti olacaq.